Çap etmək   ⁞     ⁞   Fond haqqında

Suraxanıda “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Son iclas” bədii-sənədli filminin iyunun 21-də Suraxanı rayon ictimaiyyətinə təqdimatı keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Tədbir Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Filmin nümayişindən əvvəl layihə haqqında söhbət açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Sonra “Son iclas” filminin təqdimatı olub.

Maraqla izlənilən filmin nümayişindən sonra Bakı Media Mərkəzinin nümayəndəsi, filmin ssenari müəllifi Müsəllim Həsənov çəkilişlə bağlı məlumat verib. Bildirib ki, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov film haqqında danışaraq qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüserliyi ilə çəkilmiş “Son iclas” bədii-sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir. Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün uzun bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub.

Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş “Son iclas” bədii-sənədli filmi bu mövzu üzrə Arzu Əliyevanın baş prodüserliyi ilə çəkilən ikinci sənədli filmdir. Bundan əvvəl çəkilən “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Qeyd edilib ki, bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən müstəqil Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında yeni mərhələ başlanıb. Ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyimizin qorunmasında Prezident İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlər göstərir.

İcra başçısı rayon ictimaiyyəti adından filmin yaradıcı heyətinə, baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevaya minnətdarlığını çatdırıb və yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

AZƏRTAC
2018, 21 iyun