Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Mədəniyyətə dövlət qayğısının parlaq nümunəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşdülər. Dövlət başçısı Xalq artisti Əlibaba Məmmədova “Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə” layiq görüldüyü “Şərəf” ordenini təqdim etdi. Görüş zamanı cənab Prezident Xalq artistinə müraciətlə dedi: “Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. ...İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda, həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz”.

Doğrudan da, Azərbaycan musiqisinin, xüsusilə, muğam sənətinin inkişafında və təbliğində Əlibaba Məmmədovun məxsusi yeri var. Onun layiq görüldüyü fəxri adlar, təltiflər, təriflər hamımızı sevindirir, könlümüzü şad edir. Əslində, bütün bunlar nadir insanlara nəsib olmuş əsl xalq məhəbbəti, millət sevgisinin təzahürüdür.

Bu gün Əlibaba Məmmədovun adı çəkiləndə hər kəsin qəlbində isti, doğma bir hiss oyanır, gözlərində sevinc qığılcımları parlayır. Uzun illər öz bənzərsiz, böyük istedadlı, şövqlü, şaqraq ifası, məlahətli səsi ilə zövqlə, ustalıqla seçdiyi qəzəllərlə, qoşmalarla qəlbləri riqqətə gətirən sənətkar hər bir azərbaycanlının ürəyində bir musiqi gülüstanı yaratmışdır.

Onun ifasını da, yaratdığı mahnıları, təsnifləri də uşaqlıq illərindən eşidib sevmişik. İllər keçdikcə, bu sevgimizə heyrət, məftunluq hissləri də əlavə olunub. Artıq özümüz bir musiqiçi kimi yetkinləşdikcə, Əlibaba Məmmədovun yaratdığı mahnı və təsniflərdəki muğam səlisliyinə, milli musiqi intonasiyalarının düzlüyünə, təmizliyinə, mahnıların forma yozumundakı yaradıcı təfəkkürünə heyran qalırdıq. O, özü bir dəfə söhbət əsnasında dedi ki, “100-ə qədər mahnı qoşmuşam, amma heç bir mahnıda, təsnifdə Azərbaycan muğamlarının qayda-qanunlarından kənara çıxmamışam, milli musiqiyə xəyanət etməmişəm”. Əslində, bu, böyük bir həqiqətin etirafı idi və gözəl bir örnəyin, böyük bir məktəbin ünvanı idi. Bu, sirr deyil ki, istər peşəkar, istər həvəskar bəstəkarlarımız arasında yad intonasiyalara, lüzumsuz əlavələrə yer verənlər, meyl edənlər olub və bu gün də onlar var.

Əlibaba Məmmədovun yaradıcılığı isə tər-təmiz, bulaq suyu kimidir. Bu saf bulağa həmişə üz tutacaqlar.

Əlibaba Məmmədov həm də qeyrətli muğam təəssübkeşidir. İstər ifaçı, istər müəllim, istər müsabiqələrdə münsif kimi onun mövqeyi, məramı, inamı qəti və birmənalıdır. Keçirilən 7 televiziya muğam müsabiqəsinin 4-də onunla bərabər olmuşuq. Onun münsif kimi söylədiyi dərin, mənalı fikirlərə, haqlı iradlara qulaq asdıqda istər-istəməz mən də (təkcə mən yox) bir tələbəyə dönərək böyük ustadın hər sözünə diqqət kəsilirdim. Çünki o anlar əsl qənimət anları idi və o anlar muğamlarımızın tarixi, qədim sənətkarların ifaları, xalq musiqisinin inkişaf mərhələləri və s. ustadın sözləri ilə yenidən canlanırdı, muğam şöbələrinin düzgün oxunması, şöbələrin keçidləri, ayaqları (kodensiya) haqda unudulanlar yada salınırdı, tövsiyələr dilə gəlirdi. Əslində, bu tənqid məqamlarında, iradların sapa düzülən zamanında Əlibaba Məmmədov yenə xeyirxah idi, yenə gəncləri zəhmətə, öyrənməyə, ciddiliyə çağırırdı, yenə muğamlarımızın saflığı uğrunda mübarizə aparırdı. O anlar bu qocaman muğam cəngavəri gözlərimiz önündə bir daha ucalırdı, onun əzəməti, yeri, mövqeyi və əvəzolunmazlığı öz təsdiqini tapırdı.

Bir dəfə Əlibaba Məmmədov düşüncəli halda mənə dedi. Bilirsən, muğam ustadları arasında ən çox ömür sürən Cabbar Qaryağdıoğlu olub, 83 il yaşayıb. Mən isə bu gün ondan yaşlıyam. Görəsən, onların etdiyi işlərin müəyyən faizini mən də edə bilmişəmmi?”.

Bu sözlər, bu sual daim sənət eşqi ilə yanan, sənətin doğru-düzgün yolla inkişaf etməsini düşünən, muğamın təəssübünü çəkən, öhdəsinə düşmüş vəzifəni məsuliyyətlə, qeyrətlə daşıyan bir sənətkarın narahatlığını ifadə edirdi. Əslində, həyat özü bu sualın cavabını verib. Təkrar etməyə nə hacət?

Əlibaba Məmmədovun xanəndə kimi ifa etdiyi muğamlar, muğam bilicisi kimi qədim muğamlara, şöbələrə, güşələrə ehya verməsi, bəstəkar-xanəndə kimi yüzlərlə bir-birindən gözəl mahnı və təsniflərin yaradıcısı olması, müəllim kimi yüzlərlə tələbə yetişdirməsi və nəhayət, nümunəvi sənətkar kimi milyonların sevgisini qazanması, əlbəttə, həmin narahat suallara tutarlı cavabdır.

Azərbaycanın Prezidenti möhtərəm İlham Əliyevin Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim etməsi onun şərəfli həyatının ən yüksək zirvədə olduğunu bir daha təsdiqləyir.

Təbrik edirik, Əlibaba müəllim!

Sərdar Fərəcov,
Xalq artisti, bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru

Xalq qəzeti.-2020.-13 fevral.-№32.-S.7.