Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycanda gözdən əlillər daim diqqət mərkəzində saxlanılır


Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının dolğun təminatına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlər gözdən əlilləri də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri kimi 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası gözdən əlillərin istifadəsinə verilib. Xüsusi layihə əsasında və müasir tələblərə uyğun inşa olunmuş yaşayış binasında gözdən əlillərin çətinlik çəkmədən hərəkət etmələri üçün müvafiq şərait də yaradılıb. Həmin təbəqədən olan insanların cəmiyyətə inteqrasiya imkanlarının artırılması və ictimai həyatın bütün sahələrində iştirakına şəraitin yaradılması yönündə Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü işlər görülür. Fond tərəfindən müvafiq layihə çərçivəsində gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmaları üçün respublikamızın ayrı-ayrı bölgələrində Regional İnformasiya Mərkəzləri yaradılıb.

Gözdən əlilliyi olan şəxslərin sosial təminatı istiqamətində də müvafiq işlər aparılır. Hazırda nazirliyin əmək pensiyası ilə təmin etdiklərindən 8 575 nəfəri gözdən əlillərdir. Onlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 286,4 manat təşkil edir. Əmək pensiyası almaq hüququ olmayan gözdən əlillər isə aylıq sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, əmək pensiyası hüququ olmayan ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərə, o cümlədən I qrup gözdən əlillərə aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Cari ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdə tam sığorta əsaslı pensiya təminatı prinsipinin tətbiqi zamanı da əlilliyə görə əmək pensiyasının I qrup əlillərə, ümumilikdə, sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilməsi əksini tapıb. Həmçinin qanuna I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilməsini nəzərdə tutan ikinci bənd əlavə edilib. Eyni zamanda, qanuna edilmiş dəyişikliklərə əsasən, həmin tarixdən sonra pensiya təyin edilmiş I qrup gözdən əlil olanların əmək pensiyasının sığorta hissəsinin üzərinə 110 manat əlavə hesablanması nəzərdə tutulub. Bu da həmin şəxslərə, o cümlədən I qrup gözdən əlillərə xüsusi diqqət və qayğının bir göstəricisidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gözdən əlillərin peşə reabilitasiyası istiqamətində görülən işlərin davamı olaraq bu il 50 nəfərədək gözdən əlil şəxs üçün Brayl sistemi üzrə peşə hazırlığı kursları təşkil edib. Dörd il əvvəl açılışı olan “Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzi”ndə ötən dövr ərzində 1250 nəfər gənc müxtəlif peşələr üzrə hazırlıq kurslarına qəbul edilib ki, onlardan bir hissəsi də gözdən əlil şəxslər olub.

Ötən ilin dekabrında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Zabrat qəsəbəsində “Yetkinlik Yaşına Çatmamış Görmə İmkanı Məhdud Şəxslər üçün Bərpa Mərkəzi”nin istifadəyə verilməsi bu qəbildən olan şəxslərə yüksək diqqət və qayğının növbəti təzahürüdür. Həmin sosial xidmət müəssisəsində görmə qabiliyyəti məhdud olan yetkinlik yaşına çatmamış şəxslərin ehtiyac duyduqları reabilitasiya tədbirlərinə cəlb olunmaları, sosial xidmətlərlə təmin edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərə də reabilitasiya məqsədli sosial xidmətlər göstərilir. Belə ki, müvafiq layihə əsasında görmə imkanları məhdud uşaqların televiziya, kino, teatr, idman proqramları və muzeylərin müyəssərliyinin təmin edilməsi, onlar üçün bədii və cizgi filmlərinin tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri tamaşaçıya sözlə çatdırma) təqdim olunması işləri aparılır. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin bərpa müalicəsi, istirahətlərinin və onlar arasında idman tədbirlərinin təşkili, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s.sahələrdə aparılan işlərdə gözdən əlillər də daim diqqətdə saxlanılır.

Hazırda nazirliyin təşkil etdiyi “Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V ümumrespublika yarışları”nın iştirakçıları sırasında gözdən əlillər də var.


AZƏRTAC
2017, 13 noyabr