Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Gün işığı kimi...

Mehriban xanım Əliyeva bizim zəmanəmizdə ailəni, vətəni və sülhü sevən Azərbaycan qadınının yeni simasını yaratmışdır. Bəlkə də bu obraz onun gördüyü bütün işlərin cəmi, 
Birinci xanımın ən qüdrətli əsəridir...

"LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin "LOQOS" adlı jurnalının ilk sayı işıq üzü görüb. Məzmunlu, eyni zamanda, zövqlə tərtib olunan nəşrin yaradıcı kollektivinə uğurlar arzulayır, ilk sayda yer alan  "Gün işığı kimi..." başlıqlı publisistik yazını "525-ci qəzet"in oxucularına təqdim edirik.

Bizim doğma, gözəl ana dilimizdə lap qədimlərdən qalma bir deyim var; sayalı... sayalı illər, ayağı sayalı olmaq... xatırlayıram, qırx beş il öncə tələbə adını qazananda, jurnalistika fakültəsinin, demək olar ki, ilk dərs günü bizə ədəbiyyatşünaslığın əsaslarını öyrədən yazıçı, böyük pedaqoq Mir Cəlal müəllim söyləmişdi ki, bütün milli ədəbiyyatların ilkin başlanğıcında əsas qaynaq şifahi xalq ədəbiyyatıdır, folklordur  və öz növbəsində şifahi xalq ədəbiyyatının janrları da yazılı ədəbiyyatdakı bədii yazı formalarının əsasında dayanır. Diqqət edin, demişdi Mir Cəlal müəllim, bizim şeir vəznlərinin ulu babası sayaçı sözləridir. Bəlkə, buna görə  ədəbiyyatımızda harda bolluq, bərəkət, toy-düyün süjetləri varsa, oradan sayaçı nəğmələrinin ətri gəlir...

Sayaçı sözlərinin ruhu və ahəngi qocamandır.

Dünyanın yaşı da çox qədimdir.

Belə baxanda, heç mənim birinci kursa qədəm basıb, Mir Cəlal Paşayevdən dərs aldığım vaxtdan da az keçməyib. (Yeri gəlmişkən, sevimli ədibin 100 illik yubileyi münasibətilə 2008-ci ildə müəllimim haqda, əslində, onun xatirəsini əziz tutan bütün tələbə yoldaşlarımın ehtiramını ifadə edərək, "Göylər adamı" adlı sənədli povest-araşdırma yazıb Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kitab halında çap etdirmişdim).

Nə üçün həyatımın bu olayını, daha doğrusu, sayaçı sözlərini xatırladım? Görünür, ona görə ki, qələmə aldığım bu yığcam düşüncə yazısının qəhrəmanı Vətənimizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Digər tərəfdən, biz 2018-ci ilin 8 Mart Beynəlxalq Qadınlar Bayramı gününə, həqiqətən də ayağı sayalı bir zaman hüduduna gəlib yetişmişik...

Yeri gəlmişkən, biz jurnalımızın ön səhifəsində bu işıqlı dünyadakı bütün qadınları, Azərbaycan xanımlarını bayram münasibətilə təbrik etdik. Amma bununla belə, "LOQOS"un ilk sayı üçün 8 Mart münasibətilə özəl bir yazının hazırlanmasını "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova ilə müzakirə edəndə, o, dərhal demişdi:

- Belə bir seçim, heç şübhəsiz ki, Mehriban xanım ola bilər...

Belə də oldu.

* * *

...Yaxşı xatırlayıram, biz jurnalist tələbələr üçün indiki Respublika Prokurorluğunun qonşuluğunda, o zaman gərək ki, Y. Saratov deyilən bir küçədə ikimərtəbəli bina ayırmışdılar. Bizə sovet jurnalistikasının əsaslarından dərs deyən görkəmli ictimai və mətbuat xadimi, "Bakı" ("Baku") qəzetinin redaktoru Nəsir İmanquliyev hərdən iki balaca qızın, nəvələrinin əlindən tutub fakültəyə gətirirdi. O zaman heç ağlımıza da gəlməzdi ki, bu iki gözəl uşaq böyüyəndə adları bütün dünyada tanınan, sevilən mədəniyyət və dövlət xadimləri olacaqlar; hörmətli Nərgiz xanımın, Mehriban xanımın yadına gəlirmi görəsən, qədd-qamətli babalarının - Nəsir müəllimin əlindən tutub bizim fakültəmizə gəlməkləri? Bilmirəm...

Sözümün canı var... Deməyim odur ki, indi bu yazıya qəhrəman seçdiyim Mehriban xanımı, o, uşaq yaşlarında olanda görmüşəm, sonralar hər iki müəllimim - Mir Cəlal Paşayev və Nəsir İmanquliyev haqqında kitablarımı qələmə alanda ("Göylər adamı", "Xəbərin rəngi") Nərgiz xanım Paşayevanın mənə çox köməyi dəydi, demək olar, hər iki kitab onun razılığı və dəyərli məsləhətləri  ilə işıq üzü gördü...

* * *

Mehriban xanımın Azərbaycan xalqının, Vətənimizin yüksəlişi, çiçəklənməsi üçün atdığı hər bir addım, bu addımları ataraq özünün də kamil bir şəxsiyyət, bir dövlət xadimi səviyyəsinə yüksəlməsinin bütün mərhələləri gözlərimin qarşısında baş verib və mənə tanışdır söyləsəm, qətiyyən yanlış olmaz. Çünki belə bir təəssürat tək mənə yox, yaşı, yaşanmış ömür müddəti imkan verən hər bir azərbaycanlıya məxsusdur, başqa sözlə, Mehriban Əliyeva elə nadir şəxsiyyətlərdəndir ki, onun barəsində yalnız fərdlərin deyil, bütün xalqın yekdil rəyi var.

Deməli, məxsusi təbrik üçün seçimimiz tam ədalətlidir. Əlbəttə, belə yazıları hazırlayarkən ideal variant qəhrəmanın özü ilə görüşməkdir. Belə bir imkan yoxdur. Yüksək səviyyəli dövlət adamlarının təmasları ciddi protokol qaydalara əsaslanır. Təbii ki, əli qələm tutan hər bir jurnalist belə bir görüşə, xalqda deyildiyi kimi, yüyürə-yüyürə gedərdi... Məncə, görüş imkanının məhdudluğu səbəbindən bunsuz keçinməli olsaq da, təəssüflənməyə dəyməz. Niyə? Ona görə ki, Mehriban Əliyevanın həyatı, fəaliyyəti bütün şəffaflığı ilə tək mənim yox, irəlidə dediyim kimi, bütün xalqın gözü önündədir. Onun barəsində dünyanın hər yerində, demək olar, hər gün yazılar dərc olunur, kitablar işıq üzü görür, filmlər göstərilir. Azərbaycanın birinci xanımının adı dünyanın lider qadınları sırasında ön cərgədə yer alır. Məhz bu şəffaf ömür yolu jurnalistlərin əlini-qolunu açır, imkan verir ki, hər kəs öz sözünü deyə, düşüncələrini ümumiləşdirə bilsin.

Mehriban xanımın ilk növbədə öz xalqına bəslədiyi açıq, səmimi münasibəti, məncə, onun bütün uğurlarının əsasında dayanır.

Siyasətdən çox uzağam, hətta deyim, siyasətçilərdən bir o qədər də xoşum gəlməz... Bəlkə, buna görə, 1992-ci ildən üzübəri xalqa xidmət meydanına atılan Mehriban xanım haqqında yalnız siyasətçi kimi yox, hər kəsə nümunə ola bilən xalq adamı olaraq düşünürəm... və sanki öz aləmimdə bu düşüncəmlə ona siyasətçilərin əli çatmayan daha uca mərtəbədə dəyər verirəm...

Azərbaycan tarixində, ümumən türk tarixində cəsur, mətanətli, sədaqətli xanımlar çox olub. Gəlin etiraf edək, Mehriban xanım əlahiddədir.

25 illik zaman aralığında Ulu öndər Heydər Əliyevin, hörmətli Prezidentimiz İlham Əliyevin silahdaşı olaraq, bu işıqlı, ayağısayalı insan, həqiqətən, yorulmadan çalışıb, qürurverici yekunlara imza atıb.

Bunların hamısı barədə söhbət açmaq sadə bir təbrik yazısının miqyasına qətiyyən sığmaz. Onun daim fəaliyyətdə keçən dinamik ömür yolunun xronikası isə hər birimizə bəllidir.

Ötən əsrin 80-ci illərində tibb sahəsində ali təhsil alan, gənc yaşlarından ixtisası üzrə namizədlik müdafiə edən Mehriban xanımın sonrakı fəaliyyəti heyrətamiz bir miqyas alır. "Azərbaycan Mədəniyyətinin Dostları Fondu”ndan, "İrs" jurnalından başlanan yol bu əsilzadə xanımı xalqın həyatına qovuşdurmuşdur. 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu mədəniyyət-sosial-humanitar istiqamətdə bir neçə dövlət qurumunun edə bildiyi qədər yeniliklərin müəllifidir.

Mehriban xanımın başladığı işlərin hər biri dərin məzmunu və davamlı olması ilə heyrətamizdir. Bunlar sadəcə cari işlər deyil, məhz xalqın inkişafında mühüm amil olan proseslərin cəmidir. Müstəqillik dönəmində Azərbaycanda xalq sərvətlərinin, daha doğrusu, mədəni irsin qorunub saxlanması, onlardan yeni şəraitə uyğun və praktik istifadə ideyası ona məxsusdur və təbii, nə əvvəlinci, nə də sonuncu ideyadır. Xalçaçılıq, muğamat, milli, mədəni varlıqların hifz olunması (Novruz Bayramı, Azərbaycan muğamı, Azərbaycan tarı, saz, Qobustan, İçərişəhər...) sahəsində Mehriban xanımın yol açdığı layihələr milli mənəviyyatımızı bütün dünyada tanıtmış, xalqımıza bəslənən uluslararası rəğbətin mənbəyi olmuşdur.

* * *

Mehriban xanımın bir vətəndaş və şəxsiyyət olaraq formalaşdırdığı milli missiyada xalqın real həyatı birinci bənddir. O, bu məsələyə müqəddəs bir vəzifə kimi baxır. Elə, doğru olanı da budur!

Nədir bu missiya; öncə xalqın, onun övladlarının sağlamlığı, fiziki-mənəvi bütövlüyü. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan səhiyyə, sağlamlıq təmayüllü proqramların məhz təhsillə, körpələrə qayğıyla çulğaşması bir daha bəyan edir ki, dövlətin kamil, savadlı insandan dəyərli olan sərvəti yoxdur və ola da bilməz. Tarixi abidələrin, adət və ənənələrin qorunması, Bakı kəndlərinin sosial-mədəni inkişafı (eləcə də yol, su çəkilişi, uşaq bağçaları, məktəb və xəstəxanaların inşası və təmiri, qaçqın, köçkün bacı-qardaşlarımıza, cəmiyyətin müdafiəyə ehtiyacı olan üzvlərinə qayğı göstərilməsi, amnistiya təşəbbüsləri ilə təqsirli, amma islah olunmuş insanların yenidən cəmiyyətə qaytarılması), Odlar yurdunun mədəniyyət, idman, turizm məkanı olaraq yüksəlişi həqiqətən də strateji xarakterli, dinamik proses mahiyyətli vəzifələrdir və onların reallaşması Azərbaycan dövlətinin qüdrətinə arxalanan, onun parlaq sabahına xidmət edən Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın fövqəladə çalışmalarının bəhrəsidir.

Mən çox bəyənirəm Mehriban Əliyevanın hər Yeni ili "Buta" sarayında uşaqlarla birgə qeyd etməyini. Sonuncu belə bir bayramda bir epizod məni, sözün düzü, kövrəltdi. Təbii ki, tədbirin təşkili yüzdə-yüz Mehriban xanıma aid idi. Amma o, sonda uşaqlara üz tutdu, musiqiçiləri, incəsənət nümayəndələrini göstərib onlara dedi ki, əziz uşaqlar, bu bayramı sizə hörmətli sənətkarlar, incəsənət xadimləri bəxş etdilər. Gəlin onları alqışlayaq. Öz halal təşəkkür, minnətdarlıq payını bölüşmək hər adama müəssər olmur, məncə... Bəlkə, elə buna görə Allah Mehriban xanıma ürəyinə görə, qəlbinin genişliyi qədərincə lütf göstərir və beləcə, istəkli xanımın ömründən keçən hər günün qədəmləri uğurlu, sayalı olur.

* * *

Mehriban xanım Azərbaycanda çox sevilən Paşayevlər nəslinə mənsub olsa da, o, Heydər Əliyev məktəbinin yetirməsidi, Ulu öndərin irsinin və yolunun davamçısıdır. O, bunu şüar etməsə də, əməli ilə ortaya qoyur, təbii ki, etibar, borc hissinin belə yaşadılması, daha doğrusu, Heydər Əliyev irsinə arxalanmaq Mehriban xanımın uğurlarının tükənməyən mənbəyinə çevrilir.

Mehriban xanımın Azərbaycanda daha bir qürur doğuran imici də var; o, eldə deyidiyi kimi, hünərli həyat yoldaşıdır, ömür-gün yoldaşıdır. Mənim rəhmətlik nənəm, seyid Səfurə xanım deyirdi, nə kişi, nə qadın, qeyrət hər bir insan üçündür! İndi bu bayram ərəfəsi bu bayram təbrikini yazarkən Mehriban xanımın xalqın gözü önündə yetkinləşən aydan-arı, gündən duru həyatını gözümün önünə gətirib deyirəm ki, qeyrətiniz var olsun, Mehriban xanım! Sizin bütün əməlləriniz qeyrət timsalıdır... Əlbəttə, Heydər Əliyev Fondu dünyada tanınan, söz sahibi olan güclü qeyri-hökumət təşkilatıdır. Amma siz hər dəfə, hər uğurdan sonra öz xarakterinizə sadiq qalaraq sadə, təmtəraqsız cümlələrlə bəyan edirsiniz ki, uğurlarınızın ilhamçısı Azərbaycan dövlətinin qətiyyətli siyasəti, Prezident İlham Əliyevdir!

Mehriban xanım məhz bu baxış nöqtəsi və yanaşma ilə yalnız Heydər Əliyev Fonduna deyil, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə, ictimai qurumlara, özəl müəssisələrə, canında işləmək, yaratmaq, özünə, ailəsinə gün-güzəran qurmaq istəyən hər bir insana Prezident tərəfindən verilən dəstəyi ifadə etmiş olur... Sözün düzü budur!

* * *

Mehriban xanımın yorulmaz əməyi, yaradıcı fəallığı, xalqa xidmət həvəsi, çox yaxşı ki, xalq, dövlət və dünya ictimaiyyəti tərəfindən dəyərləndirilir. Əgər biz burada onun layiq görüldüyü rəsmi, fəxri adlar, titul və mükafatlarının yalnız siyahısını versək, bu ali təltiflərə hansı zəhmətin müqabilində nail olunduğunu dəyərləndirsək, yeni-yeni səhifələr yazmalıyıq... Bu faktlar Mehriban xanımın uğurlarına ədalət və həqiqət meyarı ilə yanaşan insanlara bəllidir, hamıya bəllidir; bunu görməmək üçün gərək göz qapalı ola. Mən isə hər gün qarşılaşdığım, dinlədiyim insanların Mehriban xanıma dualarını eşidirəm, alqışlarını dinləyirəm. Və nədənsə bu dualar mənə ulu zəmindən eşidilən sayaçı sözləri kimi gəlir, sanki ruhumu bərəkətli ürəklərin ətirli döyüntüləri oxşayır, təmiz hava kimi, gün işığı kimi! Mehriban xanım Əliyeva bizim zəmanəmizdə ailəni, vətəni və sülhü sevən Azərbaycan qadınının yeni simasını yaratmışdır. Bəlkə də bu obraz onun gördüyü bütün işlərin cəmi,  Birinci xanımın ən ən qüdrətli əsəridir...

Mehriban xanımın yüksək xeyirxahlığı ürəyimi ən xoş sözlərlə doldursa da, onun həyat və fəaliyyətinin ciddi tədqiqat tələb etdiyini, bu mövzunun şəxsən bir jurnalist olaraq öz tərəfimdən daha geniş şəkildə haçansa işləniləcəyini düşünüb yazıma nöqtə qoyuram.

* * *

Doğrudan, zaman yel qanadlıdır. Bu yaxınlarda Mehriban xanımın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağının bir ili tamamlandı. O, bu bir ildə yenə də böyük təmkini, təvazösü, Azərbaycan dövlətinə təmənnasız sədaqəti ilə yadda qaldı. Bu bir ili də bayram saysaq, Mehriban xanıma daha iki bayramın təbriki düşür. 8 Mart Qadınlar Bayramı və Novruz Bayramı!

Bayramlarınız mübarək, Mehriban xanım! Siz Azərbaycan qadınlarna əli ruzulu, qədəmi sayalı, qəlbi işıqlı bir örnəksiniz!

Xalqın sevgisi halal xoşunuz, böyük qələbələrə aparan yolunuz açıq olsun!

Rəhilə Gülgün,
"Loqos" jurnalının baş redaktoru

525-ci qəzet. - 2018.- 8 mart. - № 45. - S. 4.