Deputat: Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman xalqımızın yanında olduğunu bütün dünyaya duyurdu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciəti ictimaiyyət arasında geniş əks-səda doğurub. Milli Məclisi deputatı Jalə Əliyeva müraciətlə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
“Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənlərini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib...". Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur və onun Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində öz əksini tapıb. Bu, qəlbi daim qədirbilən Azərbaycan xalqı və dövləti ilə döyünən, onun üçün hər zaman narahatlıq keçirən, ən xırda uğurlarına belə sevinən, Vətən naminə gecəli-gündüzlü bütün fədakarlıqlara qatlaşan, nəinki xalqının, dövlətinin, bütün dünyanın rəhm, mərhəmət, şəfqət simvoluna çevrilən bir xanımın, bir ananın, bir bacının, bir siyasətçinin, bir ictimai xadimin, bir dövlət xadiminin müraciətidir. Başqa cür ola da bilməzdi. Mehriban xanım bu məsələyə də, növbəti erməni təxribatı və fitnəkarlığı nəticəsində sərhədin Tovuz istiqamətində baş verənlərə etiraz əlaməti olaraq, xarici ölkələrdə yaşayan soydaşlarımızın, həmvətənlərimizin Vətən, Qarabağ naminə yaşadıqları ölkələrin küçələrinə axışmalarına, həm işğalçı və təcavüzkar ölkəyə, onu dəstəkləyənlərə, həm də 30 ildən çoxdur ki, erməni yalanlarına, böhtanlarına inananlara, onların insanlıq əleyhinə cinayətlərinə göz yumanlara səslərini ucaltmalarına və bu zaman növbəti erməni barbarlığı, vandallığı ilə qarşılaşmalarına, yenə də "demokratiya", "insan hüquqları" "carçıları"nın seyrçi qalmalarına biganə qala bilməzdi və qalmadı. Mehriban xanım öz haqq, etiraz səsini bir daha yüksəltdi. Həm 32 ildən çoxdur ki, erməni zülmlərindən, beynəlxalq təşkilatların ədalətsizliyindən əziyyət çəkən xalqı ilə, həm də xaricdə yaşayan soydaşlarımızla birgə olduğunu, həmrəyliyini nümayiş etdirdi.
Jalə Əliyeva qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman xalqımızın yanında olduğunu və olacağını bütün dünyaya, düşmənlərimizə də, dostlarımıza da gur səslə duyurdu. Budur Mehriban Əliyeva ucalığı, budur Mehriban Əliyeva iradəsi və cəsarəti. Mehriban xanım Əliyevanın tarixi müraciətində də deyildiyi kimi, Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Ancaq həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?
Müraciətdə bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırış əksini tapıb. Çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Tamamilə, haqlı, məqamında və yerində olan tələbdir. Artıq yetər, artıq Azərbaycana, azərbaycanlılara qarşı haqsızlığa, ədalətsizliyə son qoyulmalıdır, ermənilərin, Ermənistanın, onları təhrik edənlərin layiq olduğu cəzaları verilməlidir. Bu cəzanın vaxtı gəlib çatıb, hətta keçib.
Müraciətində beynəlxalq qurumlara, o cümlədən adlarını insan-hüquq müdafiə təşkilatı qoyanlara da çağırış edən Mehriban xanım haqlı olaraq deyir: "Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər...".
Bəli, indi söz onlarındır, buyursunlar, öz mövqelərini ortaya qoysunlar. Çünki bu, birbaşa onların vəzifəsi, borcudur. Borclarını, vəzifələrini yerinə yetirsinlər, biz də onların səmimiyyətinə, ədalətpərvərliyinə inanaq. Əgər onlar da, digərləri də, güc mərkəzləri də, həmsədrlər də öz mövqelərini bildirməsələr, təcavüzkar cəzalandırılmasa Azərbaycan dövləti və xalqı işğalçının, onun havadarlarının cavabını layiqincə və axıradək verəcək. Qələbə Azərbaycanın, zəfər bizim olacaq. Mehriban Əliyevanın müraciətinin sonunda deyildiyi kimi, "Qarabağ Azərbaycandır və nida işarəsi!"
AZƏRTAC
2020, 28 iyul