Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun sosial layihələri xalqlar arasında dostluğu daha da möhkəmləndirir

Bu gün Azərbaycanda, eləcə də, onun hüdudlarından kənarda fəaliyyəti ilə tanınan və nüfuz qazanan Heydər Əliyev Fondu əsrimizin qabaqcıl və humanizm prinsiplərini bəşər övladına təqdim etmək gücündə olan qurum kimi beynəlxalq miqyasda hörmətlə qarşılanır. Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr insanların ictimai-mədəni, sosial həyatının yüksəldilməsi və inkişafı baxımından, birmənalı olaraq, çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. Bunların hər biri fondun, qısa zamanda, məqsəd tək qarşıya qoyduğu amalın reallaşması nəticəsində baş tutub. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək, müasir dövrün tələblərinə və gələcəyin təminatı olan təhsilə, elmə böyük diqqət ayırmaq fondun məqsədi olaraq, özünü büruzə verir.

Mövcud potensial, baza əsasında iş prinsiplərinə uyğun bir şəkildə fəaliyyət dairəsini genişləndirən Heydər Əliyev Fondu beynəlxalq miqyaslı layihələrlə xidmət göstərir. Hər bir addımı böyük təntənəyə səbəb olan fond, xüsusilə, humanitar missiyada fəaliyyət proqramının həyata keçirməklə, bütün yaş həddində olan vətəndaşların qayğı və problemlərin təminatçısına çevrilib. Belə ki, ölkə ərazisində uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli və fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin təntənəsi kimi qəbul olunur. Xatırladaq ki, səhiyyəyönümlü layihələr Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Ölkədə uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılıb, qan testləri keçirilib, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı bəzi məsələlər həllini tapıb. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Fondun təşəbbüsü ilə tikilən və bu gün istifadəyə verilən Talassemiya Mərkəzi həmin xəstəliyə düçar olanlar və onların yaxınlarının ümid yerinə çevrilib. Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında, artıq bir neçə lokal layihə həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanladünyanın müxtəlif ölkələrində bir çox sahələrlə yanaşı, səhiyyə sahəsində də layihələr və xeyriyyə tədbirləri həyata keçirir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Bolnisi və Qardabani rayonlarına bütün lazımi, müasir texniki avadanlıqla təmin olunan təcili-tibbi yardım avtomobili hədiyyə edilib. Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr çərçivəsində Cibuti Respublikasına tibbi avadanlıqlar göndərilib. Cibuti Mərkəzi Xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub və bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də, ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verir.

Bu sırada Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar tədbirləri də qeyd etməliyik. Yardım proqramları çərçivəsində Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyunca pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisi üçün maddi yardım göstərilib. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən layihələr iki xalq arasındakı münasibətləri daha da möhkəmləndirir.

Görülən bu və ya digər işlərin davamı olaraq, bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində inşa olunan Təcili-Tibbi Yardım Mərkəzinin yeni binası açılıb. Bu, Bosniya və Herseqovina ilə Azərbaycan arasında dərin qarşılıqlı münasibətlərin – dostluğun göstəricisidir. Fondun reallaşdırdığı bu layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradır. Fondun xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq, bu gün Kotor Varoş şəhərində istifadəyə verilən və müasir avadanlıqla təmin edilən Təcili-Tibbi Yardım Mərkəzi yerli əhali üçün mühüm töhfədir. Bu mərkəz, son dövrlər ərzində, Kotor Varoşda ərsəyə gətirilən ən müasir və yüksək standartlara cavab verən tikinti layihəsidir və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Kotor Varoş Bələdiyyəsinin həyatında mühüm rol oynayan Təcili-Tibbi Yardım Mərkəzinin yeni binasının inşasına göstərdiyi dəstəyə görə Kotor Varoş Bələdiyyə Məclisinin qərarı əsasında cari ilin aprelində “Qızıl Diplom” ilə təltif edilib.

Heydər Əliyev Fondu tərəfindən ən müasir avadanlıqla təchiz edilmiş təcili-tibbi yardım maşını da bağışlanıb. Bu, bir daha Heydər Əliyev Fondunun böyük əməllərə sahib olduğunu göstərir.

Nəzakət Ələddinqızı

Səs. – 2018.- 12 sentyabr. – № 171. – S. 6.