Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

“Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub saxlamaq lazımdır”

Azərbaycanın tərəqqi və inkişafına töhfələr vermək, əməli fəaliyyətin, mütərəqqi baxışların, ölkəyə olan sevginin və bağlılığın məntiqi nəticəsidir. Azərbaycanın sosial-mədəni və iqtisadi inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin müəllifi olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları, “Talassemiyasız həyat naminə”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Tolerantlığın ünvanı - Azərbaycan” layihələri və digərləri geniş sferanı əhatə edir.

Dünyada gedən qloballaşma prosesində bu və ya digər layihələr sərhədləri aşaraq, hətta dünya ölkələrində belə həyata keçirilir və qeyri-millətlərin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmayıb, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara və mükafatlara layiq görülüb. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti və yüksəkliyidir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub- saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun Xoşməramlı Səfiri adını daşıması, “İlin qadını” seçilməsi, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülməsi, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə “Qızıl ürək” beynəlxalq mükafatı ilə təltifi əməli fəaliyyətə söykənir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə, YUNESKO-nun “Qızıl Motsart” medalı ilə, türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına və onlarla belə orden və medallarla təltifi Mehriban xanımın xidmətlərinə olan mükafat və qiymətdir. 2017-ci il dekabrın 26-da isə Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Moskvanın və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltifi “Rus Pravoslav Kilsəsinə yardımına və Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi qayğıya görə” təqdim edilib.

Bu günlərdə Rusiyanın “LIVEJOURNAL” nəşrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirən məqalə dərc olunub. Məqalədə Mehriban xanım Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edilməsi qeyd olunur və Onun belə bir yüksək ordenlə təltif olunmasının bir çox əsaslı səbəbi olduğu qeyd edilir. Mehriban xanım Əliyevanın fəaliyyəti və gördüyü işlər araşdırılaraq, təqdim edilir və Azərbaycanın Birinci Xanımının kimliyi, Onu məşhurlaşdıran məsələlərə aydınlıq gətirilir. Məqalədə Mehriban Əliyevanın Cənubi Qafqazın ən nüfuzlu xanımı adlandırıldığını qeyd olunur və Onun artıq bir ilə yaxındır ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışdığı, insanların bu xanımın müdrikliyinə və gözəlliyinə heyran olduqları diqqətə çəkilir.

Keçdiyi həyat yoluna qısa nəzər salınır və bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr etdiyi vurğulanır. Mehriban xanım Əliyeva deyir: “Həqiqi mərhəmət real işlər görülməsini və konkret addımlar atılmasını tələb edir. Ən dəhşətlisi laqeydlik və biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub-saxlamaq lazımdır”.

Nəşrdə Mehriban Əliyevanın son altı ildə rəhbərlik etdiyi beynəlxalq oyunlara və yarışlara nəzər salınır. Bakıda keçirilmiş “Eurovision-2012”, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Təşkilat Komitəsini sədri olaraq, fəaliyyəti bu tədbirlərin tarixinə yeni səhifə açımış oldu.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ilk olaraq onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mövcud problemlər olduğunu və qısa zamanda həll etmək üçün birgə çalışmağın vacibliyini bildirmişdi: “Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir”. Bəli, öz işinə məsiuliyyəti ilk günlərdən diqqətləri cəlb edir.

Mehriban xanım Əliyevanın uğurları təkcə siyasi və ictimai fəaliyyətlə məhdudlaşmır. “O, həm də qayğıkeş həyat yoldaşı və üç övlad böyüdən xoşbəxt anadır” - yazan müəllif Mehriban xanımın öz ailəsini çox sevdiyini və həmişə onun yanında olmağa çalışdığını qeyd edərək, məhz ailə dəyərləri birinci yerdə olmalıdır”, deyə vurğulayır.

“Bütün bunlara və bir sıra başqa səbəblərə görə, Mehriban Əliyeva elə bir siyasətçidir ki, dünyanın hər yerində onun haqqında danışırlar və danışmaq istəyirlər”, - deyə fikirlərinə davam edərək, Mehriban Əliyevanın hazırda karyerasının zirvəsində olduğunu bildirir: “Lakin onun xarakterini, özünə inamını və son dərəcədə dözümlü olmasını nəzərə alaraq, cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsl fenomendir. Onun Rus Pravoslav Kilsəsi isə Onun gördüyü xeyirxah işləri ordenlə mükafatlandırıb”.

Göründüyü kimi, Azərbaycanın Birinci Xanımının həyata keçirdiyi layihələr təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə Mehriban xanım Əliyevanın böyük nüfuz qazandığını göstərir. Mehriban xanım Əliyeva, həqiqətən, gördüyü işlərlə kimliyini, böyüklüyünü gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur.

Nəzakət Ələddinqızı

Səs.-2018.-6 fevral.-№23.-S.4.