Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Sumqayıtda bədii gimnastika üzrə açıq şəhər birinciliyinə yekun vurulub


Azərbaycan Gimnastika Federasiyasının, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş bədii gimnastika üzrə 2003-2010-cu il təvəllüdlü yeniyetmələr arasında “Sumqayıt əfsanəsi” adlı açıq şəhər birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Baş İdarənin sektor müdiri Vahid Abdullayev ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində kütləvi bədən tərbiyəsinin və idmanın inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycanın bütün bölgələrində ən müasir tələblərə cavab verən idman qurğuları, Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib.

Azərbaycanda idmanın digər növləri kimi, gimnastikanın da sürətlə inkişaf etdiyini vurğulayan V.Abdullayev Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsindən sonra idmanın bu növünün kütləviliyinin artdığını, mühüm nailiyyətlərin qazanıldığını bildirib. O, Federasiya rəhbərliyinin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycanın gimnastika üzrə mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Sumqayıtın gənc gimnastları nümunəvi çıxışlar təqdim ediblər.

Açıq şəhər birinciliyində Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Şirvan, Ağdaş, Kürdəmir, İsmayıllı, Göyçay, Qusar şəhər və rayon komandalarının heyətində 105 idmançı mübarizə aparıb. Yarışı Azərbaycan Gimnastika Federasiyası tərəfindən təyin olunan hakimlər idarə ediblər.

Birinciliyin qalib və mükafatçıları şəhər və gənclər idman baş idarəsinin fəxri fərman, medal və hədiyyələri ilə mükafatlandırılıb. Həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən bir qrup gimnast və hakim də təltif edilib.


AZƏRTAC
2017, 13 noyabr