Çap etmək   ⁞     ⁞   Fond haqqında

Uşaqlara qayğı və diqqət ənənəsi uğurla davam etdirilir

Birinci vitse-prezident fiziki qüsurlu uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşatdı

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Ulu öndər Heydər Əliyevin gənc müstəqil Azərbaycan dövlətinin sükanı arxasına qayıtması təkcə milli dövlətçiliyimizə nicat gətirmədi, həm də ölkəmizin gələcəyi, sabahın gəncləri hesab olunan fidan balalarımızın yoluna nur saçdı. Məhz ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Elə həmin tarixdən etibarən yeni nəslin sağlam böyüməsi dövlətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və qayğı var. 2003-cü ilin payızından sonra isə uşaqların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti ən müasir layihələri reallaşdırır.

Bütün dünya etiraf edir ki, bu gün Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynayır. Son illər ərzində sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanda yeni tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır.

Ancaq bu gün Azərbaycan uşaqları təkcə dövlət tərəfindən deyil, həm də ulu öndərin adını daşıyan fond tərəfindən də böyük qayğı və diqqətlə əhatə olunub. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də ölkəmizdə bu istiqamətdə formalaşan ənənələrin hələ uzun illər yaşayacağına zəmanət verir. Son 15 ilin hesabatlarının hamısında şahidi oluruq ki, uşaqlara göstərilən qayğı və diqqətin miqyası ildən-ilə artır. 

Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı olan materiallarda oxuyuruq ki, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, ­onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlər hər il daha geniş miqyasda həyata keçirilir. Bildirilir ki, fondun fəaliyyəti Azərbaycanın gələcəyi hesab edilən uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının səfərbər edilməsinə yönəlib. Bütün bunlar uşaqlarımızın hərtərəfli inkişafı, müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunması üçün edilir. 

Bu zaman başqa bir məqamı xüsusilə vurğulamalıyıq. Belə ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 15 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Bu il dekabrın 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün təşkil edilmiş ənənəvi şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət almışdılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın da iştirak etdiyi bayram şənliyində uşaqları sevindirmək üçün mümkün olan bütün addımlar atılmışdı. Şənlik Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən filmin nümayişi ilə başlanmış və “Qış nağılı” təqdim edilmişdir. Bu dəfə də Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdır.

 Mehriban xanım Əliyeva sarayda uşaqlar üçün qurulan masalara yaxınlaşmış, iştirakçıların əhvalı ilə maraqlanmış, onların istəklərini dinləmiş, şəkil çəkdirmişdir. Ən başlıcası, cəmiyyətdə xüsusi kateqoriyaya aid olan bu uşaqlar bir daha onların daim qayğı ilə əhatə olunduğunu görmüşlər.

Ancaq uşaqları daha çox maraqlandıran Birinci vitse-prezident Mehriban Əliyevanın bayram şənliyindəki çıxışı olmuşdur. ­Mehriban xanım qeyd etmişdir ki, Heydər Əliyev Fondu fəaliyyətinə başladığı dövrdən – yəni, 15 ildir ki, biz Yeni ili birlikdə qarşılayırıq: “İl ərzində müxtəlif tədbirlərdə, müxtəlif məkanlarda da sizinlə görüşürük. Amma Yeni il bayramı xüsusi bayramdır. Bu, həm uşaqların, həm böyüklərin ən sevimli bayramlarından biridir. Bu gün bizim bir ailə kimi bir-birimizə doğma, dəyərli, əziz olduğumuzu ifadə etməyimiz üçün gözəl bir imkandır”.

Birinci vitse-prezident vurğulamışdır ki, bir çox sahələrdə, demək olar ki, həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir: “Əziz uşaqlar, bu gün görülən bütün işlər, atılan bütün addımlar sizin xoşbəxt sabahınız, xoşbəxt gələcəyiniz naminədir”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyeva həmin gün Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər. Fondun prezidenti Uşaq Psixonevroloji Mərkəzində yaşayan və müalicə alan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, uşaqların müayinə və müalicəsi üçün geniş və müasir mərkəzin yaradılmasının zəruri olduğunu nəzərə alaraq, 2009-cu ildə Heydər Əliyev Fondu Bakı şəhərində Psixonevroloji Uşaq Mərkəzi inşa etdirib. Mərkəzdə əsasən autizm, serebral iflic, əqli gerilik və ləngimələrdən əziyyət çəkən uşaqlar müalicə olunurlar. 2015-ci ildə təmir edilən bina ötən il Heydər Əliyev Fondu tərəfindən yenidən əsaslı təmir olunub və əlavə 2 mərtəbəli yeni korpus inşa edilib. Yüz çarpayılıq mərkəzdə 100-ə yaxın uşaq tibbi xidmətlərdən yararlanır. Valideyn himayəsindən məhrum olan 24 uşaq isə stasionar şəraitdə uşaq evi şöbəsində müalicə alır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva elə həmin gün Bakının Nərimanov rayonunda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində də olublar. Daha doğrusu, ­Mehriban Əliyeva 31 dekabr -- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını məhz Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində qeyd edib. Bu tədbiri daha maraqlı edən fakt isə Birinci vitse-prezident Mehriban Əliyevanın mərkəzin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa etməsi idi. Hətta, Mehriban xanım Əliyeva həmin tədbirdə uşaqlarla birlikdə tort bişirib, onları maraqlandıran məsələlər barədə söhbət edib.

Bir sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan uşaqlarına qayğı və diqqət istiqamətində formalaşdırdığı siyasət və fiziki qüsurlu uşaqların yanında olmaq ənənəsi bu gün də uğurla davam etdirilir. 

İttifaq Mirzəbəyli

Xalq qəzeti.-2020.-9 yanvar.-№2.-S.4.