Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondundan daha bir uğurlu nümunə...

Fondun təşkilatçılığı ilə Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri milli mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması işini sürətləndirir

Ağəli İbrahimov:“Mən Kann kimi şəhərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini və tədbir çərçivəsində belə möhtəşəm sərginin açılmasını çox müsbət qarşılayıram”
“Əlbəttə, belə tədbirlər Azərbaycan xalqını, Azərbaycan mədəniyyətini dünyada tanıdır”

 
Son illər Heydər Əliyev Fondu tərəfindən ənənəvi olaraq bir sıra xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Müxtəlif dövlətlərdə təşkil edilən mədəniyyət günlərində Azərbaycan mədəniyyətinin, incəsənətinin ayrı-ayrı sahələri əcnəbilərə təqdim edilir. Azərbaycan dövlətinin mədəniyyət siyasətinin ölkədə və xaricdə təbliğ olunmasında xüsusi rolu olan Heydər Əliyev Fondu bu dəfə Fransanın məşhur Kann şəhərində tədbir təşkil edib.

Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində iyulun 14-də Kanndakı Festivallar və Konqreslər Sarayında Azərbaycanın görkəmli rəssamları Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisinin açılış mərasimi olub.

Xatırladaq ki, sərginin açılışında Kann şəhər merinin müavini Frank Şıkli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev çıxış ediblər.

F.Şıkli Kannda artıq ənənəvi olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihə hər iki xalqı bir-birinə yaxınlaşdırmaqla yanaşı, mədəniyyət xəzinəmizi, tariximizi dərindən tanımağa imkan yaradır, ikitərəfli münasibətləri daha da zənginləşdirir.

A.Ələkbərov belə əlamətdar gündə - 14 iyul Fransanın milli bayramında açılışı keçirilən Azərbaycan mədəniyyəti günlərinin dostluq, qarşılıqlı maraq və hörmətə əsaslanan, müxtəlif sahələri əhatə edən əlaqələrə dayandığını bildirib. Birinci vitse-prezidentin köməkçisi iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsindən, son illər ölkələrimiz arasında mövcud olan bütün münasibətlərin strateji əməkdaşlıq xarakteri daşımasından söz açıb.

Heydər Əliyev Fondunun icraçı direktoru mədəniyyət sahəsindəki əlaqələrin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə əməkdaşlığın bugünkü səviyyəyə çatmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olduğu dövrdə, Heydər Əliyev Fondunun prezidenti kimi, hazırda isə ölkəmizin Birinci vitse-prezidenti kimi Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə həmişə xüsusi önəm verib. Məhz onun şəxsi təşəbbüsü və dəstəyi ilə bir çox genişmiqyaslı layihələr uğurla həyata keçirilib: “2018-ci il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Bu il biz Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Məhz 100 il bundan əvvəl Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmışdı. Heydər Əliyev Fondu ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisəyə həsr edilmiş silsilə tədbirlər keçirir. Təsadüfi deyil ki, bu tarixi hadisəyə həsr olunmuş ilk tədbir məhz Fransanın paytaxtı Parisdə keçirilib”.

Qeyd edilənə görə, “Məhəbbət tandemi” sərgisi Azərbaycanın Əməkdar incəsənət xadimi Lətif Feyzullayevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. L.Feyzullayev və Vəcihə Səmədova cütlüyünün yaradıcılıq irsi ölkəmizin gözəl məkanlarını və xalqımızın həyat tərzini əks etdirir. Sərgidə bu cütlüyün 50-dən çox əsəri nümayiş olunur.

Qeyd edək ki, Kann şəhərində açılışı olan “Məhəbbət tandemi” sərgisi avqustun 4-dək davam edəcək.

Məlumatlara görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri 2013-cü ildən keçirilir. Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihə çərçivəsində mütəmadi olaraq müxtəlif sərgilər, konsert proqramları təşkil edilir.

Ümumiyyətlə, Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarında, şəhərlərində ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçirir. Sevindirici haldır ki, ölkəmizi tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bizimlə söhbətində bildirdi ki, Azərbaycanın mədəniyyət siyasətinin xarici ölkələrdə təbliğ edilməsi sahəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin analoqu yoxdur. A.İbrahimov qeyd etdi ki, indiyə qədər Heydər Əliyev Fondunun ayrı-ayrı xarici ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günlərinin, sərgilərin, tədbirlərin bir neçəsini yaxından izləmək imkanı olub. A.İbrahimovun sözlərinə görə, mədəniyyət günləri çərçivəsində təşkil edilən sərgilərdə Azərbaycan rəssamlarının fırça nümunələri hər zaman əcnəbilər tərəfindən maraqla qarşılanıb.

“Mən Kann kimi şəhərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini və tədbir çərçivəsində belə möhtəşəm sərginin açılmasını çox müsbət qarşılayıram. Mədəniyyət günləri çərçivəsində L.Feyzullayev və V.Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisinin açılması Azərbaycan təsviri incəsənətinin beynəlxalq aləmdə təbliğ edilməsinə əyani nümunələrdən biridir. Ümumiyyətlə, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini, incəsənətini uzun illərdir beynəlxalq aləmdə tanıdır, təbliğ edir. Bir neçə dəfə fondun təşkil etdiyi tədbirlərdə mən də iştirak etmişəm. Əncəbilərə təəccüblü gəlir ki, Sovet dövründə, dəmir çərçivələr içində belə unikal sənət əsərləri necə yaranıb. Bizim rəssamlarımızın əsərləri xariciləri həqiqətən də heyran qoyur. Nəinki rəssamlarımızın əsərləri, eləcəcə də milli musiqimiz, xalçalarımız, mədəniyyətimizin digər növləri də onların xoşuna gəlir. Əlbəttə, belə tədbirlər Azərbaycan xalqını, Azərbaycan mədəniyyətini dünyada tanıdır. 70 il Sovetlər Birliyinin tərkibində yaşadıq və Azərbaycan mədəniyyətini, tarixini dünyaya tanıda bilmədik. Təbii ki, bu, Sovet ideologiyası ilə bağlı idi. Ancaq son 27 ildə Avropanın ən böyük dövlətlərində Azərbaycanı tanıtmağa nail olmuşuq. Təsəvvür edin ki, İtaliya kimi dövlətdə Nizami Gəncəvinin, Fransada Məhsəti Gəncəvinin, Xurşudbanu Natəvanın heykəlini ucalda bilmişik. Moldavada Nizami Gəncəvinin, Avstriyada Üzeyir Hacıbəyovun heykəli qoyulub. Yəni demək istəyirəm ki, mən onlarla belə uğurlu fəaliyyəti qeyd edə bilərəm. İlk müsəlman dövlətiyik ki, Azərbaycanı Vatikan qəbul etdi. Birinci dəfə orada biz olmuşuq. Həmin tədbirdə tarixçi-alim, akademik Yaqub Mahmudov da iştirak edirdi. Hətta orada bizə deyirdilər ki, Papa sizin tədbirdə heç 1 saat oturmayacaq, ancaq Papa tədbirin əvvəlindən sonuna qədər orada iştirak etdi, Azərbaycan mədəniyyəti ilə bağlı təqdimatları izlədi. Əlbəttə, hər bir sərgi, hər bir konsert, hər bir tədbir Azərbaycan dövlətinin uğurudur. Ulu öndər Heydər Əliyev bizə deyirdi ki, unutmayın, hər bir xalqı dünyada onun mədəniyyəti və incəsənəti tanıdır. Bilirsiniz ki, Fransa kimi dövlətdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi bizim mədəniyyətin qələbəsidir. Fransa o ölkədir ki, bizə soyuq münasibəti ilə seçilib. Leyla xanım Əliyevanın təşəbbüsü ilə fransız rəssamı Xocalı haqqında əsər işləyib. Yaxud Almaniyada Xocalı heykəli qoyulub. Bu elə-belə iş deyil. Səmimi yanaşsaq deyə bilərik ki, bu illər ərzində dövlət səviyyəsində mədəniyyətimizin təbliği sahəsində böyük işlər görülüb” - deyə bildirən A.İbrahimovun sözlərinə görə, xarici ölkələrdə dövlət səviyyəsində 2 mindən artıq sərgi təşkil edilib. O qeyd edir ki, bu gün Azərbaycan dövlətinin strategiyasından biri mədəniyyət və incəsənətdir.

A.İbrahimovun sözlərinə görə, bu gün nəinki klassik, yaşlı və orta nəsil rəssamlarının, hətta gənc rəssamların da xarici ölkələrdə sərgiləri açılır. Onun dediyinə görə, elə bir beynəlxalq sərgi yoxdur ki, oradan Azərbaycanın gənc rəssamları mükafatsız, medalsız qayıtsın.

A.İbrahimovun sözlərinə görə, Azərbaycan mədəniyyəti, incəsənəti ənənədən, kökdən ayrılmamalıdır. “Hər bir xalqın öz mədəniyyəti var. Bizim mədəniyyətimiz də hər zaman öz varlığını qorumalı, yeni yaranan əsərlər kökə bağlı olmalıdır. Üzeyir bəyin “Koroğlu” operası Fransada səslənərkən bir fransız bəstəkarı demişdi ki, yalnız Koroğlunun üverturasına qulaq asdıqdan sonra onlarla opera yazmaq olar. Əlbəttə, xaricdə açılan hər bir sərgi, səsləndirilən hər bir musiqimiz bizim uğurumuzdur. Azərbaycanı tanıtmaq, eləcə də ən böyük dərdimiz olan Qarabağ problemini dünyaya çatdırmaq baxımından belə tədbirlərin keçirilməsi vacibdir. Mən xarici ölkələrdə çox olmuşam, həqiqətən də orada bizim musiqiçilərin, rəssamların əsərlərinə çox böyük sevgi, diqqət və hörmət var. Əgər biz xalqımızın taleyinə öz taleyimiz kimi baxsaq, çox problemləri həll edə bilərik”- deyə A.İbrahimov qeyd etdi.

İradə Sarıyeva 

Bakı Xəbər.-2018.-18 iyul.-№125.-S.12.