Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənən əlaqələr

İlham ƏLİYEV: "Mehriban Əliyevanın Moskvaya rəsmi səfəri Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi”

Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri Azərbaycanla Rusiya arasındakı münasibətlərin mehriban qonşuluq və dostluq prinsipləri üzərində bərqərar olduğunu bir daha təsdiq etdi.

Ən əsası, bu, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi Rusiyaya ilk rəsmi səfəri olsa da, keçirilən görüşlər və aparılan danışıqlar əlaqələrin həm də strateji xarakterini göstərdi.

Dövlət başçılarının səyləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib

Bu gün Rusiya və Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Son illərdə isə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Təkcə 2018-ci il ərzində iki dövlətin prezidentləri 6 dəfə görüşüblər. Bütün bu görüşlərin hər birində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb.

Bu mənada prezidentlərin siyasi iradəsi və birgə səyləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb və ildən-ilə yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası münasibətlər hazırda strateji səviyyəyə qədər yüksəlib.

Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan tam müstəqil siyasət yürüdür. Rəsmi Bakı həmişə beynəlxalq məsələlərdə müstəqil mövqe nümayiş etdirir, heç vaxt ölkənin maraqlarına zidd olan razılaşmalara qoşulmur. Eyni münasibəti Azərbaycan dost ölkələrə də göstərir, onları beynəlxalq səviyyədə dəstəkləyir. Müstəqil siyasət yürüdən Azərbaycan son illərdə Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzləşən Rusiyaya dəstək verib. Ölkəmiz anti-Rusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Dünyanın fövqəldövlətlərindən olan Rusiyada da bunu görür və dəyərləndirirlər.

Ən ali səviyyədə yüksək siyasi ehtiram nümunəsi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi səfəri zamanı Moskvada Rusiyanın ali rəhbərliyi - Prezident Vladimir Putin, Rusiya Hökumətinin sədri Dmitri Medvedyev, eləcə də Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü. Həm Mehriban Əliyevanın Rusiya rəhbərliyi tərəfindən rəsmi səfərə dəvət olunması, həm də Moskvada keçirilən görüşlərin ali səviyyəsi, Azərbaycanın Birinci vitse-prezidentinin dünyanın ən böyük dövlətlərindən birinin Prezidenti tərəfindən çox böyük ehtiramla qəbul edilməsi iki ölkə arasındakı münasibətlərin ilk növbədə dərin siyasi və strateji məzmununun ən bariz təsdiqidir.

Prezident Vladimir Putin tərəfindən Mehriban Əliyevanın Rusiyanın dövlət mükafatı olan "Dostluq” ordeni ilə təltif edilməsi isə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin növbəti təsdiqidir. Bu medal ilk növbədə Mehriban Əliyevanın Rusiya ilə əlaqələrin inkişafına verdiyi töhfələrin qiymətləndirilməsi ilə yanaşı, həm də iki dövlət arasındakı əlaqələrin səmimi xarakterindən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini və ən ali səviyyələrdə qarşılanmasını yüksək qiymətləndirib. Bu günlərdə Bakıda olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən İlham Əliyev deyib: "Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali "Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb”.

İki ölkəni dostluq və mehriban qonşuluq ənənələri bağlayır

Moskvaya səfəri zamanı Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinə, "Rossiyskaya qazeta”ya və "Rossiya-24” telekanalına müsahibəsində iki ölkəni dostluq, mehriban qonşuluq ənənələri bağladığını deyib: "Azərbaycan ilə Rusiyanı qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti, hörmətli Vladimir Vladimiroviç Putin ilə görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə "Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var”.

Rusiya paytaxtında X Azərbaycan-Rusiya Regionlararası Forumu da keçirilib. Forumdakı niqtində Mehriban Əliyeva regionlararası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğunu, Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxladığını bildirib. Diqqətə çatdırıb ki, bu gün ölkələrimiz arasında çoxcəhətli tərəfdaşlıq praktiki olaraq bütün sahələri əhatə edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb.

2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. İnvestisiya sahəsində də əməkdaşlığımız genişlənir. Ölkəmizdə Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, respublikamız şimal qonşusuna 1,2 milyard dollar sərmayə yatırıb.

İki ölkənin humanitar əməkdaşlığı isə kifayət qədər çoxşaxəlidir. Bakıda M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Mədəniyyət sahəsində də daimi dialoq mövcuddur. İki ölkə arasında mütəmadi olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. Artıq 25 ildir ki, irimiqyaslı qarşılıqlı mədəniyyət günləri keçirilir.

Bütövlükdə Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfər proqramı kifayət qədər zəngin olub. Keçirilən görüşlər və aparılan danışıqlar isə iki ölkə arasındakı əlaqələrin perspektiv inkişafına böyük töhfələr verəcək.

Rəşad CƏFƏRLİ

Azərbaycan.- 2019.- 1 dekabr.- № 267.- S.1,5.