Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu dünya ölkələri arasında sıx münasibətlərin formalaşmasına töhfələrini verir

Bu gün iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələri sırasında mühüm yeri olan Azərbaycanın zəngin tarixi, qədim adət-ənənələrinə əsaslanaraq, yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər xalqlar arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqaslı layihələr Azərbaycanın tarixini, milli adət-ənənələrinin xaricdə tanıdılması və təbliği ilə yanaşı, ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə də xidmət edir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən layihələr sırasında Moskvada təşkil edilən silsilə tədbirləri vurğulamaq yerinə düşər. Təkcə bir il ərzində - ötən ildə “Azərbaycanın payız sovqatları” sərgisini, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışını, Moskva Dövlət Universitetində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransı qeyd etmək olar. Bütün bunlarla yanaşı, Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılıb. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. “Yeddi gözəl” şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgi kimi dəyərləndirilir. Sərgidə müasir texnologiyalar, zəngin tarix və rəssamların ustalığı əksini tapıb. Ekspozisiya böyük Azərbaycan eposu - XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemasına əsaslanır.

Qeyd edək ki, Heydər Əliyev Fondu dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının yaşadılması və dünyada tanıdılması istiqamətində bu günədək bir sıra layihələr həyata keçirib. Bunların sırasında Gəncədə Nizami Gəncəvi Muzeyinin yaradılmasını, Fransa və onun regionlarında şairə həsr olunan sərgi və konfransların təşkilini, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi bağının yaradılmasını, Nizami Gəncəvinin “Xəmsə”sinin yeni formatda - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarının Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr olunmasını və digər layihələri qeyd etmək olar.

Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan-Çin dostluğunu “Yeddi gözəl” poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində qurulmuş Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir. Sürətlə inkişaf edən və dünyada özünəməxsus yeri ilə seçilən Azərbaycan, bir çox dünya ölkələri ilə olduğu kimi, Çinlə də əlaqələrin genişlənməsinə önəm verir. Qarşılıqlı hörmət və etimada əsaslanan dialoq ikitərəfli əlaqələrin inkişafına geniş imkanlar yaradır. Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsində və müxtəlif mədəni layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun Çində reallaşdırdığı tədbirlər xalqlarımızın bir-birinin mədəni sərvətləri ilə daha yaxından tanış olmalarına imkan yaradır.

Dövlətlərarası münasibətlərdən söz açmışkən, Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə böyük layihələrin həyata keçirildiyini də vurğulamalıyıq. Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin binası bərpa edilib, “Dostluq” Uşaq Bağçası inşa olunub, Heydər Əliyev Parkı, Uşaq Əyləncə Şəhərciyi abadlaşdırılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı oldu. Mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini- otel, fitnes zalı və restoranlar yerləşir. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək. Həştərxanda istifadəyə verilən Azərbaycan Biznes Mərkəzində Rusiya bazarına çıxarılacaq Azərbaycan məhsullarının təşviqi planlaşdırılır. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək.

Heydər Əliyev Fondunun, ölkənin sərhədlərindən kənarda olduğu kimi, ölkəmizdə də həyata keçirdiyi layihələr öz miqyası baxımınıdan əhəmiyyətlidir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı da ötən ilin əlamətdar hadisələrindən birinə çevrildi.

Mərkəzin layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etmələri ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib. Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə etmək kimi ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bu mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artırmaqla, onlara mütaliə etmək vərdişləri aşılamasına təkandır.

Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Dəmirçi Arxeologiya Muzeyinin açılışı da Azərbaycan mədəniyyətinə və incəsiəntinə bir töhfə oldu. Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi işlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Sakinlərin məşğuliyyəti ilə əlaqədar kəndin də adı dəyişib və Dəmirçi olub. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kəndin iqlimi mülayimdir, yayı sərin keçir. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən, dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, “Qala” və Bulaq Kompleksi inşa edilib.

Yola saldığımız 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı Sanator Tipli Körpələr Evi-Uşaq Bağçası üçün inşa edilən yeni binanın açılışı oldu. Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli Uşaq Bağçasının açılışı oldu. Bundan başqa 80 saylı Körpələr Evi istifadəyə verildi. Bütün bu və ya digər layihələrin həyata keçirilməsi Azərbaycan ictimai-siyasi, mədəni və sosial həyatında yorulmaq bilmədən çalışan Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.

Nəzakət Ələddinqizi

Səs. - 2019.- 9 yanvar. - № 4. - S. 3.