Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Yeni funksional təsisat olan Birinci vitse-prezidentlik institutu uğurla fəaliyyət göstərir

Prezident İlham Əliyev: Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır

Hazırda dünyada müşahidə edilən çətinliklərlə, kataklizmlərlə müqayisədə müstəqil Azərbaycanın mənzərəsi tamam fərqli rakursdan diqqəti cəlb edir. Belə ki, beynəlxalq səviyyəli nüfuzlu reytinq agentliklərinin hesabatlarından da göründüyü kimi, ölkəmiz qlobal böhran dövrünün çətinliklərini uğurla dəf edib və bugünkü müsbət reallıqlar fonunda inkişafa istiqamətlənib. Azərbaycan xalqı möhkəm daxili sabitlik, həmrəylik şəraitində özünün inamlı gələcəyini qurur.

Bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də Azərbaycanın inkişafın ardıcıllığını təmin etməsi isə ilk növbədə Prezident İlham Əliyevin ölkənin potensialını və meydana çıxan çağırışları məharətlə uzlaşdıraraq strateji xətti düzgün müəyyənləşdirməsi, prioritetləri önə çəkməsi və adekvat siyasət həyata keçirməsi ilə şərtlənir. Bunun təsdiqi olaraq vurğulayaq ki, son illərdə respublikamızın mənzərəsi dövlət başçısının qətiyyəti və möhkəm siyasi iradəsi ilə reallaşdırılan islahatlarla səciyyələnir.

Məlum olduğu kimi, 2016-cı ildən start götürən və 2017-ci ildə də intensiv şəkildə aparılan islahatlar çoxspektrlidir. Bu islahatlar ölkədə iqtisadi aktivliyin artırılmasına, daxili istehsalın qorunmasına, ixracın genişləndirilməsinə, əhalinin rifah halının yaxşılaşmasına, şəffaflığın artırılmasına və digər bu kimi mühüm məqsədlərə istiqamətlənib. Məhz bunların fonunda 2017-ci ildə dərin konseptual yanaşmalar əsasında hazırlanaraq Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən milli iqtisadiyyat və onun aparıcı sektorları üzrə strateji yol xəritələrinin icrası istiqamətində mühüm addımlar atılıb. Əlamətdar haldır ki, aparılan islahatlar respublikamızın qlobal böhran meyillərinə müqavimət gücünü əhəmiyyətli dərəcədə artırıb və 2017-ci ildə müxtəlif istiqamətlərdə yaxşı nəticələr qazanılıb. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində aparılan islahatların gözəl nəticələr verməsindən məmnunluq ifadə edərək vurğulayıb: “2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir”.

Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəliliyini və çevikliyini artırıb

Respublikamızda həmçinin institusional sferanı, idarəetmənin təkmilləşdirilməsini, daha çevik və səmərəli komandanın formalaşmasını, demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatlar aparılır. Müasirləşməni strateji hədəf seçən Azərbaycan idarəetmə sahəsində reallaşdırılan islahatlarda da qabaqcıl ölkələrin təcrübəsinə istinad edir. Dövlət idarəçiliyini bir dəfə qurulan və heç vaxt dəyişməyəcək mexanizm kimi təsəvvür etmək əsla düzgün deyil. Qloballaşma şəraitində isə belə yanaşma zərərlidir, milli maraqlara, təhlükəsizliyin təmin olunmasına təhdidlər yaradır.

Zaman ötdükcə, yeni reallıqlar yarandıqca qarşıya çıxan tələblər də dəyişir. Ölkəmizdə reallaşdırılan institusional islahatlar da milli idarəetmə sisteminin dövrün dəyişən tələblərinə uyğun qurulmasını özündə ehtiva edir. Bütövlükdə idarəetmə sisteminin səmərəli qurulması öz növbəsində ölkənin qarşıya qoyulan yeni hədəflərə doğru inamla irəliləməsini və yeni nailiyyətlər qazanmasını şərtləndirir. Aparılan islahatlar institusional təsissatların, müvafiq dövlət qurumlarının daim dəyişən çağırışlara adekvat addımlar atmaq iqtidarında olmasına münbit zəmin yaradır.

Deyilənlər baxımından 2016-cı il sentyabrın 26-da respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisatın - Birinci vitse-prezidentlik institutunun yaradılması böyük aktuallıq daşıyır. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir simasının yeni və mütərəqqi bir əlamətidir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmiz üçün strateji önəm daşıyan məsələlərlə bağlı qərarlar verəndə, bir qayda olaraq, cəmiyyətin sosial sifarişlərinə istinad edərək onları əsas götürür. Ölkəmizdə 2016-cı il sentyabrın 26-da keçirilən referendum da Konstitusiya islahatları, o cümlədən də Birinci vitse-prezidentlik institutunun yaradılması ilə bağlı dövlət başçısından gələn təkliflərin, siyasi iradənin Azərbaycan ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşdüyünü təsdiqlədi. Bunu referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrindən də görmək mümkündür. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, referendumda ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsini nəzərdə tutan maddəyə seçicilər yüksək dəstək nümayiş etdiriblər. Bəhs olunan maddənin “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu 2-ci hissəsinin lehinə 84,5 faiz, əleyhinə 9 faiz səs verilib. Bu məzmunda əlavəni etibarsız sayanlar isə cəmi 6,5 faiz olub.

Beləliklə, artıq tarixə dönən 2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il olub. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

Ötən dövrdə Birinci vitse-prezidentin komandası formalaşıb. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən qısa müddətdə əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xarizması, yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanın malik olduğu yüksək keyfiyyətlərə diqqət çəkib: “Qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Qeyd etmək yerinə düşər ki, ötən aylar ərzində Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətinə böyük maraq göstərib. İnsanlar inandıqları, etimad bəslədikləri Mehriban xanım Əliyevanın təyinat aldığı yeni məsuliyyətli vəzifədə Azərbaycan naminə fədakar fəaliyyətini təqdir edirlər. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Yeni funksional təsisatın rəhbəri vəzifəsində gördüyü bu kimi genişmiqyaslı işlər isə cəmiyyətdə onun nüfuzunu daha da artırıb.

Birinci vitse-prezident ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etdi

Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Respublikada reallaşdırılan dərinməzmunlu sosial siyasətin əsas əlamətlərindən biri olaraq vurğulamaq yerinə düşər ki, ölkədə cəmiyyətin həssas təbəqələri, ehtiyacı olan bütün insanlar müvafiq dövlət qayğısından bəhrələnirlər. Bu kontekstdə Mehriban xanım Əliyevanın yeni vəzifəsində ilk müşavirəsini 2017-ci il 9 mart tarixində Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi heç də təsadüfi deyil. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti olan sosial sfera yeni funksional təsisat olan Birinci vitse-prezidentlik institutunun da fəaliyyətində önəmli yer tutur.

Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2004-2017-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb. Respublika miqyasında çadır şəhərcikləri tam ləğv olunub. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib.

Lakin görülən işlərə baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox sayda məcburi köçkün ailəsi yaşayır. Fəaliyyətində humanizm prinsiplərini əsas tutan Mehriban Əliyeva isə bundan narahatlıq hissi keçirir. Buna görə də Birinci vitse-prezident sözügedən müşavirədəki çıxışında hələ də çətin şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə və təxirəsalınmaz addımların atılmasının zəruriliyini diqqətə çatdırıb. O deyib: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır”.

Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi və digər sahələrdə fəaliyyətində Mehriban Əliyevanın yüksək təşkilatçılq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Onun xarakterindəki bu cəhətlər yeni vəzifədə də qabarıq şəkildə nəzərə çarpır. 

Belə ki, cari ilin martında keçirilən müşavirədən cəmi bir neçə ay sonra Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün soydaşlarımızın rahat mənzillərə köçürülməsi istiqamətində genişmiqyaslı iş artıq yüksək intensivliklə reallaşdırılmağa başlanıb. Məsələn, mayın 30-da Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyulub. Yeni yaşayış kompleksi 6 hektardan çox ərazidə salınır. Burada ümumilikdə 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Mehriban Əliyeva təməlqoyma mərasimindəki çıxışında əminliyini ifadə edərək deyib ki, çox yaxın gələcəkdə - 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq.

Ümumiyyətlə, Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Artıq layihə çərçivəsində çoxlu sayda mənzil məcburi köçkün soydaşlarımızın ixtiyarına verilib. Birinci vitse-prezident Mehriban Əliyeva 2017-ci il 5 oktyabr tarixində Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. Belə binalardan biri də Mehriban xanım Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələrinin istifadəsinə verilib. Birinci vitse-prezident bəhs olunan tarixdə həmçinin Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.

“2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi uğurla reallaşdırılıb

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində fəaliyyət göstərdiyi müddət əhalinin həssas təbəqələrinə qayğını təcəssüm etdirən bu kimi faktlarla zəngindir. Eyni zamanda, Birinci vitse-prezidentin iştirakı ilə 2017-ci il 3 aprel tarixində təqdim olunan “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi ciddi sosial əhəmiyyət daşıyır.

Həmin təqdimat mərasimində çıxış edən Mehriban Əliyeva vurğulayıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.

Qeyd edək ki, layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın “Ottobock”, İslandiyanın “Ossur”, İngiltərənin “RSL Steeper” və ABŞ-ın “Fillauer” şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbçilərin amputasiya olunan hərəki hissələrinə protezlər quraşdırılıb. Hər bir əsgər və zabitin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq onlar üçün uyğun və yüksəkkeyfiyyətli protezlər tətbiq olunub.

Mehriban Əliyevanın rəhbərlik etdiyi komandanın təşkilatçılığı ilə keçirilən İslamiada Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan indiyədək məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi komandanın səyləri sayəsində yüksək səviyyədə hazırlanan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. “Eurovision-2012” mahnı yarışması, 2015-ci ildə keçirilən birinci Avropa Oyunları bu qəbildəndir. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirlər ən yüksək standartlar səviyyəsində keçməsi ilə yaddaşlarda qalıb. “Eurovision-2012” mahnı müsabiqəsi ölkəmizin həyatında mühüm mədəni hadisəyə çevrildi. Eyni zamanda, hazırlıq tədbirlərinin çox qısa müddətdə reallaşdırılmasına baxmayaraq, respublikamızda birinci Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirildi.

Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı isə Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Bakıda 10 gün ərzində əsl idman bayramına çevrilən Oyunların yüksək səviyyədə keçirilməsindən söhbət açarkən tərkibində böyük heyəti, o cümlədən də könüllüləri birləşdirən komandanın yarışlara məsuliyyətlə hazırlaşdığını xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi bütün təşkilati məsələləri nümunəvi şəkildə həll etmişdi. Bunun da sayəsində İslamiada ən yüksək səviyyədə keçdi, bütün dünyada böyük tamaşaçı marağına səbəb oldu və yaddaşlarda silinməz izlər, xoş xatirələr qoydu. Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan İslamiadanın Təşkilat Komitəsinin fəaliyyətini yüksək dəyərləndirərək bildirib: “Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın”.

Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı fəaliyyəti bütün dünyada təqdir edilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli dəyərlərinə, humanizm prinsipinə əsaslanan ali məqamlı çoxşaxəli fəaliyyəti respublikamızda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda da yüksək dəyərləndirilir. O, dünyada yeganə şəxsiyyətdir ki, həm UNESCO-nun, həm də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, onun xoşməramlı fəaliyəti Fransanın, Pakistanın, Rusiyanın, Küveytin, Serbiyanın və digər ölkələrin yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Son olaraq Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bəhs olunan iclasında Mehriban Əliyevanın fəaliyyətinin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsindən məmnunluq ifadə edərək deyib: “Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun”.

Mübariz Abdullayev

Yeni Azərbaycan. - 2018.- 9 yanvar. - № 3. - S. 3.